
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “Marsol Group” və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə 2026-cı ildə yenidən start verilib.
Layihənin məqsədi
“Bakı KOB evi”ndə keçirilən tədbirdə bildirilib ki, layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması, onlar arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqların təşviqidir.
100-dən çox qadın sahibkar iştirak edəcək
Üçüncü ildir keçirilən layihənin 2026-cı il proqramında müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkarın iştirakı nəzərdə tutulur. Layihə çərçivəsində təlimlər, seminarlar, master-klaslar, işgüzar görüşlər, ofis və istehsalat ziyarətləri, eləcə də sosial fəaliyyətlər təşkil ediləcək.
Tədbirdə sahibkarlığa dəstək imkanları təqdim olunub
Tədbir iştirakçıları “Bakı KOB evi”nin fəaliyyəti və sahibkarlara göstərilən xidmətlərlə də tanış olublar. Layihənin 2024-cü ildən icra olunduğu və builki proqramın mart ayında yekunlaşdırılmasının nəzərdə tutulduğu bildirilib.
Mənbə: vergiler.az


