
Kriptovalyutaların alqı-satqısı Azərbaycanda da geniş yayıldıqca ən çox verilən suallardan biri Bitcoin, USDT və digər kriptovalyutalardan əldə edilən gəlirə vergi ödənilib-ödənilməməsidir.
Kriptovalyuta alıb daha yüksək qiymətə satan, Binance və digər kriptovalyuta platformaları vasitəsilə gəlir əldə edən fiziki şəxslər üçün vergi öhdəliyinin necə yarandığını bilmək xüsusilə vacibdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasına əsasən, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi uçotuna alınaraq VÖEN əldə etməli, müvafiq gəlirlərini bəyan etməli və gəlir vergisini ödəməlidirlər.
Azərbaycanda kriptovalyutadan vergi tutulurmu?
Bəli. Dövlət Vergi Xidmətinin mövqeyinə görə, fiziki şəxsin kriptovalyutanı aldığı qiymətdən daha yüksək qiymətə təqdim etməsi nəticəsində əldə etdiyi qiymət artımı vergiyə cəlb olunan gəlir hesab edilir.
Vergi Məcəlləsinin 99.3.8-ci maddəsi aktivlərin ilkin qiymətinin artmasını göstərən müəyyən gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid edir. DVX kriptovalyuta əməliyyatlarından yaranan gəlirin vergiyə cəlb edilməsini də bu müddəa əsasında izah edir.
Belə gəlir əldə edən fiziki şəxs üçün tətbiq olunan gəlir vergisi dərəcəsi hazırkı rəsmi izaha əsasən 14 faizdir.
Kriptovalyuta vergisi necə hesablanır?
Əsas məqam budur: vergi kriptovalyutanın bütün satış məbləğindən deyil, DVX-nin açıqladığı yanaşmaya görə alış və təqdimetmə qiyməti arasındakı artımdan hesablanır.
Məsələn, fiziki şəxs kriptovalyutanı 5 000 AZN ekvivalentində alıb, sonradan onu 8 000 AZN ekvivalentində təqdim edibsə, qiymət artımı:
8 000 – 5 000 = 3 000 AZN
olur.
Bu sadələşdirilmiş nümunədə 14 faiz gəlir vergisi tətbiq edildikdə:
3 000 × 14% = 420 AZN
gəlir vergisi yaranır.
Başqa sözlə, nümunədə 8 000 AZN-lik bütün satış məbləğinin deyil, 3 000 AZN-lik qiymət artımının vergiyə cəlb edilməsi əsas götürülür.
Bitcoin, USDT və digər kriptovalyutalara eyni qayda tətbiq edilirmi?
DVX-nin açıqlaması konkret bir kriptovalyuta ilə məhdudlaşdırılmayıb və ümumilikdə kriptovalyuta üzrə əməliyyatlardan əldə edilən gəlirlərə aiddir. Buna görə məsələ yalnız Bitcoin ilə məhdudlaşmır.
Məsələn, Bitcoin (BTC), Ethereum (ETH), USDT və digər rəqəmsal aktivlərlə aparılan əməliyyatlarda gəlir yaranması vergi öhdəliyinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıya bilər.
Burada əsas məsələ şəxsin kriptovalyutaya sahib olması deyil, həmin aktivin təqdim edilməsi nəticəsində gəlirin yaranmasıdır.
Kriptovalyutanı sadəcə almaq vergi yaradırmı?
DVX-nin izahında gəlirin əldə edildiyi vaxt kriptovalyutanın təqdim olunduğu tarix hesab edilir. Vergiyə cəlb olunan gəlirin müəyyənləşdirilməsində isə kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.
Bu baxımdan kriptovalyutanın yalnız alınması və saxlanılması ilə onun sonradan gəlirlə təqdim edilməsi eyni hal deyil.
Məsələn, Bitcoin almısınız və onun bazar qiyməti yüksəlib, lakin onu təqdim etməmisinizsə, DVX-nin yuxarıdakı izahında vergitutma məqamı kimi məhz təqdimetmə tarixi göstərilir.
Kriptovalyutadan gəlir əldə edən şəxsə VÖEN lazımdırmı?
Bəli. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslərin vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli olduğu açıq şəkildə göstərilir.
VÖEN-i olmayan və kriptovalyuta əməliyyatlarından gəlir əldə edən şəxslər buna görə vergi uçotu məsələsini diqqətdən kənarda saxlamamalıdırlar.
VÖEN-iniz yoxdursa, e-VOEN.az vasitəsilə elektron müraciət edə bilərsiniz:
Onlayn VÖEN açmaq üçün müraciət et
Binance-dən gəlir əldə edən şəxs vergi ödəməlidirmi?
Vergi öhdəliyi baxımından əsas məsələ konkret platformanın adı deyil, şəxsin kriptovalyuta əməliyyatından gəlir əldə edib-etməməsidir.
Yəni əməliyyatın Binance və ya başqa kriptovalyuta platforması üzərindən aparılması özlüyündə DVX-nin açıqladığı vergitutma prinsipini dəyişmir. Kriptovalyutanın alınması və daha yüksək qiymətə təqdim edilməsi nəticəsində qiymət artımı yaranırsa, həmin gəlirin vergi baxımından nəzərə alınması tələb olunur.
Kriptovalyuta gəliri nə vaxt bəyan edilməlidir?
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməli və müvafiq gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər.
Məsələn, 2026-cı ildə kriptovalyuta əməliyyatlarından vergiyə cəlb olunan gəlir əldə edilibsə, həmin gəlir üzrə konkret bəyannamə və ödəniş öhdəliyi qüvvədə olan qaydalara uyğun 2027-ci ilin yanvar ayının 1-dən mart ayının 31-dək təqdim edilməlidir.
Kriptovalyutanın alış qiymətini necə sübut etmək olar?
Bu məsələ praktik baxımdan çox vacibdir. Çünki vergiyə cəlb edilən məbləğin müəyyənləşdirilməsi üçün kriptovalyutanın hansı qiymətə alındığını və hansı qiymətə təqdim edildiyini müəyyən etmək lazım gəlir.
Buna görə kriptovalyuta əməliyyatları aparan şəxslərin əməliyyat tarixçələrini, alış və satış məlumatlarını, bank köçürmələrini, kriptovalyuta platformasındakı transaction history məlumatlarını və digər təsdiqedici sənədləri sistemli şəkildə saxlaması məqsədəuyğundur.
Xüsusilə müxtəlif tarixlərdə çoxsaylı alış və satışlar, P2P əməliyyatları və fərqli kriptovalyutalar üzrə əməliyyatlar aparıldıqda vergi bazasının hesablanması sadə bir alış-satış nümunəsindən daha mürəkkəb ola bilər.
P2P kriptovalyuta əməliyyatlarında vergi varmı?
P2P əməliyyatının aparılması gəlirin vergi baxımından avtomatik olaraq fərqli kateqoriyaya keçməsi demək deyil. Əsas məsələ əməliyyat nəticəsində vergiyə cəlb olunan gəlirin yaranıb-yaranmamasıdır.
Kriptovalyuta alqı-satqısı üzrə nağdsız ödəniş əməliyyatlarının Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun açılmış hesablar üzərindən aparılmalıdır.
Vöen açdıqdan sonra həmin vöenə bağlı biznes bank hesabı da açılmalıdır.
Buna görə xüsusilə davamlı və yüksək dövriyyəli P2P əməliyyatları aparan şəxslərin yalnız vergi faizinə deyil, əməliyyatların sənədləşdirilməsinə və ödənişlərin aparılması qaydasına da diqqət yetirməsi vacibdir.
Kriptovalyuta gəlirinə görə 2% yoxsa 14% vergi ödənilir?
Bu iki anlayışı qarışdırmamaq lazımdır.
Dövlət Vergi Xidmətinin kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslərlə bağlı hazırkı rəsmi izahında belə gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi göstərilir və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə istinad edilməklə 14 faiz gəlir vergisi qeyd olunur.
Ona görə kriptovalyutadan əldə edilən gəlirə avtomatik şəkildə 2 faiz sadələşdirilmiş vergi tətbiq edildiyini düşünmək düzgün deyil.
Xarici kriptovalyuta birjasından əldə edilən gəlir də nəzərə alınırmı?
Kriptovalyuta bazarının mahiyyəti etibarilə istifadə edilən platformaların əhəmiyyətli hissəsi xaricdə yerləşir. Bununla belə, platformanın xaricdə olması şəxsin Azərbaycandakı vergi öhdəliyinin avtomatik olaraq olmadığı mənasına gəlmir.
Konkret halda şəxsin vergi rezidentliyi, gəlirin xarakteri, əməliyyatların strukturu və digər hallar ayrıca qiymətləndirilə bilər.
Böyük məbləğli və ya mürəkkəb əməliyyatlarda fərdi vergi vəziyyətinin ayrıca təhlil edilməsi daha məqsədəuyğundur.
Kriptovalyutadan zərər etmişəmsə necə?
Çoxsaylı əməliyyatların olduğu, bəzi əməliyyatlardan mənfəət, digərlərindən isə zərər yarandığı hallarda yekun vergi bazasının müəyyən edilməsi daha mürəkkəb hüquqi və mühasibat məsələsinə çevrilə bilər.
Belə hallarda bütün əməliyyatların tarixçəsi və ilkin dəyəri ayrıca müəyyən edilmədən sadəcə kriptovalyuta hesabına daxil olan ümumi məbləğin 14 faizini vergi kimi hesablamaq düzgün yanaşma olmaz.
Kriptovalyutadan gəlir əldə edən şəxslər nə etməlidir?
Praktik olaraq ilk mərhələdə kriptovalyutanın alış və təqdimetmə tarixçəsini toplamaq, gəlirin məbləğini müəyyən etmək və vergi uçotunda deyilsinizsə VÖEN qeydiyyatı məsələsini həll etmək lazımdır. Bundan sonra müvafiq gəlirin bəyannamədə düzgün əks etdirilməsi və yaranan verginin vaxtında ödənilməsi təmin edilməlidir.
VÖEN-i olmayan şəxslər qeydiyyat üçün elektron müraciət edə bilərlər:
